Gəncədə 17 yaşlı gənc bıçaqlanaraq öldürüldü
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xan Arı adlanan ərazisində qeydə alınıb.
2002-ci il təvəllüdlü şəhər sakini Əzim Elşad oğlu Verdiyev ürək nahiyəsindən bıçaqlanıb və ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanadan bildirilib ki, 17 yaşlı gənc xəstəxanaya gətirilərkən şok vəziyyətində olub, çox qan itirib və bıçaq ürəyini zədələdiyi üçün aparılan təxirəsalınmaz tibbi müdaxilələr faydasız olub.
Hadisə şahidlərinin sözlərinə görə, gənclər çay içdikdən sonra onların arasında mübahisə düşüb.
Gəncə şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Əzim Verdiyevi bıçaqlayan şəxs 2004-cü il təvəllüdlü şəhər sakini Elgün Rövşən oğlu Məmmədovdur. Elgün Məmmədov saxlanılıb və ilkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.