Gəncədə avtoqəza zamanı avtomobillərdən biri işıq dirəyinə çırpılıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2115" markalı minik maşını ilə "Daewoo" markalı minik maşını toqquşub. "VAZ 2115" daha sonra işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb, elektrik təsərrüfatına ziyan dəyib. Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.