Gəncədə avtoxuliqanlıq edən şəxs həbs edildi

 

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən saxlanılan 31 yaşlı Elşən Əsgərovun şəhər ərazisində digər sürücülərə təhlükə yaratdığı, cəmiyyətə açıqca hörmətsizlik etdiyi məlum olub. Saxlanılan Elşən Əsgərov ifadəsində qaydaları pozduğunu etiraf edib: “Gəncə şəhərində yol hərəkət qaydalarını pozaraq qanunun tələblərinə yerinə yetirməmişəm, sürət həddini aşmışam. Heç kimə məsləhət görmürəm. Ehtiyatlı olmaq lazımdır”.

 

“VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elşən Əsgərov 15 gün müddətinə həbs edilib.

 

Baş inspektor Hacı Həsənov belə qayda pozuntularının sürücülər üçün ağır nəticələr yarada biləcəyini deyir: “Bəzi sürücülər bu cür təhlükəli manevrlərin ağır nəticələrindən xəbərsizdilər. Onlar anlamalıdır ki, belə hərəkətlərin sonu özlərinin, əzizlərinin, habelə başqa hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının itirilməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, Gəncə şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən bu kimi xoşagəlməz hallar gündəlik olaraq Təhlükəsiz Şəhər Xidməti vasitəsilə izlənilir.

Müəllif | Apa.Tv
Apa.tv