Gəncədə avtoxuliqanlıq edən şəxs yaxalandı
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə görüntülənən şəxs işıqforun qadağanedici işığına məhəl qoymayaraq, digər sürücülər üçün təhlükə yaradıb.
Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyib ki, şəhər sakini Samir Məmmədovun “Wolksvagen Touareg” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxslər barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Samir Məmmədovun idarə etdiyi avtomobil yol polisi şöbəsinin müvəqqəti duracağına yerləşdirilib. Məhkəmənin qərarı ilə Samir Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs edilib. Saxlanılan sürücü əməlinə görə peşman olduğunu deyib.
Qeyd edək ki, Gəncənin bütün küçə və prospektləri təhlükəsizlik kameraları vasitəsilə izlənilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gəncə