Gəncədə Çanaqqala zəfərinin 106-cı ildönümü qeyd edilib
Türkiyənin Gəncədəki baş konsulluğunda Çanaqqala zəfərinin 106-cı ildönümü qeyd edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bildirib ki, Çanaqqala şəhidlərinin əziz xatirəsi heç vaxt unudulmayacaq. Baş konsul ölkəsinin 44 günlük müharibədə olduğu kimi hər zaman Azərbaycanın yanında olacağını da qeyd edib.
Mərasimdə çıxış edən digər natiqlər də Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı da iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.
Çanaqqala şəhidlərinə həsr olunmuş film nümayiş etdirildikdən sonra Heydər Əliyev adına park kompleksdə ağacəkmə aksiyası keçirilib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV