Gəncədə daha iki orta məktəb koronavirusa görə bağlandı
Gəncə daha iki orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.
Bu barədə APA TV-yə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.
Onun sözlərinə görə, 31 nömrəli tam orta məktəbdə 4 şagirddə virus aşkarlanıb, 36 nömrəli tam orta məktəbdə isə 3 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub.
Məktəbin direktoru Eliyanura Əsgərovanın sözlərinə görə, məktəbdə koronavirusa yoluxan şagirdlər 5, 7 və 9-cu sinif şagirdləridir: “Həmin gündə bizə GEM-dən məlumat gəldi. 5 nömrəli qərara əsasən ayın 11-dən məktəbimiz müvəqqəti olaraq tədrisi 14 gün müddətinə dayandırıb. Biz distant təhsilə keçdik. Hal-hazırda müəllim və şagirdlərimiz distant təhsillə məşğul olurlar. Həmin şagirdlərlə təmasda olan müəllim və şagirdlərin siyahısını poliklinikaya göndərdik. Onlarda heç bir virus aşkarlanmadı”.
COVID-19 infeksiyası aşkarlan digər məktəb isə Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbdir. Bu məktəbdə koronavirusa görə distant təhsilə keçib: “825 şagird məktəbimizdə təhsil alır. Onların təlim tərbiyəsi ilə 86 nəfər müəllim məşğul olur. Bizim müəllimələrimiz axşam zəng elədi ki, özümüzü narahat hiss edirik. Səhər gedib analiz veriblər. GEM-dən bizə məktub gəldi, bildirildi ki, 3 müəllimdə virus aşkarlanıb. 4 nömrəli qərara əsasən məktəb bağlanıb”.
Qeyd edək ki, bundan əvvəl də Gəncədə daha iki məktəb distant təhsilə keçib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV