Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə,  Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Adil Musayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A. Musayev yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.Bundan başqa polis əməkdaşları Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə, fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda və şəhərdaxili sərnişindaşıma avtobuslarında gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

 

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv