Gəncədə FHN əməkdaşları peşə bayramlarını qeyd ediblər

Fövqəladə Hallar Nazirliyi Gəncə regional mərkəzinin əməkdaşları peşə bayramlarını qeyd ediblər. Əvvəlcə Regional Mərkəzi rəisi, polkovnik-leytenant Kənan Aşurov, Mərkəzi rəisinin müavini mayor Ramin Orucov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və mərkəzin bütün əməkdaşlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Daha sonra peşə bayramı münasibətilə mərkəzin akt zalında bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən Regional Mərkəzi rəisi, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının on səkkizinci ildönümü münasibətilə kollektivi təbrik edib. Ötən vaxt ərzində ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin olunması, maddi və mədəni sərvətlərimizin mühafizəsi kimi şərəfli vəzifələrin yerinə yetirilməsi istiqamətində qazanılan uğurlardan danışıb. Tədbirdə çıxış edən natiqlər Nazirliyin keçdiyi yola nəzər salaraq əldə olunan uğurların ölkə başçısının birbaşa qayğısı və diqqətinin nəticəsi olduğunu vurğulayıblar. Qeyd edilib FHN fəaliyyət göstərdiyi 18 il ərzində baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib. Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Fuad Nazimoğlu Elşad Cəfər APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv