Gəncədə gizli fəaliyyət göstərən kafe aşkarlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Kəpəz rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, şəhər sakini Arzu Bayramov evinin həyətində gizli şəkildə kafe yaradıb və karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərir: “Arzu Bayramov fərdi yaşayış evinin həyətində kafe yaradaraq müştərilərə yerində xidmət göstərmiş. Kafe sahibi və müştərilər aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinə gətirilib. Həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülüb”.

Dərhal obyektin fəaliyyəti dayandırılıb. Kafe sahibi Arzu Bayramov və onun müştəriləri barəsində toplanan materiallar yerli məhkəməyə təqdim olunub: “Kafe kimi fəaliyyət göstərirdik. Yəni karantini pozmuşuq səhv etmişik. Mən xahiş edirəm heç kim karantini pozmasın”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv