Gəncədə karantini pozan 208 nəfər cərimələndi
Gəncədə karantin qaydalarını pozan 208 nəfər aşkarlanıb. Onlardan 4-ü həbs edilib, 19 obyekt sahibi cərimələnib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. Bu tədbirlər nəticəsində karantin rejimini pozan vətəndaşlar barəsində qanunauyğun şəkildə tədbirlər görülüb.
DİN-in Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb: “Belə ki, araşdırmalar zamanı ümumilikdə 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlarda 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 4 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib”.
Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri tövsiyə olunur.
Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir. Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV