Gəncədə karantini pozan obyekt sahibi: “Qonşularımızla oturub çörək yeyirdik”

Gəncədə xüsusi karantin rejimini pozan iaşə obyekti aşkarlanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi reyd zamanı Kəpəz rayonunun İsax Cəfərov küçəsində aşkarlanan kafenin sahibi Füzuli Məhərrəmov müştərilərlə birgə yaxalanmasına rəğmən bunu inkar etməyə cəhd edib: “Xanımlar qapını döydü gəldilər. Bizimlə oturdular çörək yedilər. Qonşularımızdır dəvət etmişdik otursunlar çörək yesinlər”.

 

Sahibi qonşumuzdu desə də, müştərilərdən Elmira Cəfərova kafenin işlədiyi üçün bura gəldiklərini bildirib: “Şəhərdə rəfiqəmgildə qalırdım. İşığı yanan gördük, qapını döydük, qapını açdılar, dedik işləyirsiniz? Dedi işləyirik. Dedik bizə stol, 15-20 dəqiqə deyil oturmuşduq, heç nə çıxdıq gəldik bura”.

 

Fəxriyyə Məmmədova da kafenin açıq olduğunu deyir: “Evdən çıxmışdım. Sadəcə birdən ağılımıza gəldi gördük açıqdır. Dedik qızlarla gedək oturaq”.

 

Kafenin müştərilərindən olan Türkan Abdullayeva isə qaydaları pozduğu üçün peşman olduğunu bildirir: “Obyekt açıq idi. Ora yemək yeməyə gəlmişdik. Heç nə girməmiş ora camaat töküldü. Qayda qanunu pozmuşduq. Bizi apardılar”.

 

Kəmalə Bayramova isə obyekt sahibinin onu çağırdığını etiraf edir: “Məkanın yanında dördüncü mərtəbədə qalıram. Zəng etdi Gəray dedi gəl oturaq bir tikə çörək yeyək. Məndə getdim oturdum. Elə bir yarım saat oturmuşduq. Gəldilər bildik ki, səhv etmişik.

 

Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı, müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova da polis tərəfindən saxlanılaraq idarəyə gətirilib.

 

Kəpəz RPİ-nin Təhqiqat Bölməsinin rəisi Füzuli Şıxıyev toplanan materialların məhkəməyə göndərildiyini deyir: “Əməkdaşlar tərəfindən həmin şəxslər Kəpəz rayon Polis İdarəsinə gətirilib. Onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq protokol tərtib edilib. Toplamış materiallar baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib.

 

Kəpəz rayon Polis İdarəsi tərəfindən bu istiqamətdə yoxlamalar davam etdirilir. Vətəndaşlara tətbiq edilən qadağalara əməl etmək və evdə qalmaq tövsiyə olunur. 

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv