Gəncədə liftin şaxtasına yıxılaraq xəsarət alan qız xəstəxanada öldü
Gəncədə ərzaq mağazasında yük liftinin şaxtasına düşərək ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə mayın 10-nu şəhərin Nəriman Nərimanov prospektində yerləşən ərzaq mağazasında qeydə alınıb.
Belə ki, həmin mağazada satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Mübariz qızı Əliyeva ehtiyatsızlıqdan marketin yük liftinin şaxtasına düşərək ağır xəsarət alıb. Gənc qız dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin apardığı tibbi müayinələrə baxmayaq o, ötən gün xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı əməkdaşlarımız sözügedən marketdə olublar. Özünü mağazanın nəzarətçisi kimi təqdim edən şəxs hadisə ilə bağlı məlumat verə bilməyəcəyini, market rəhbərliyinin isə dəfn mərasimində iştirak etdiyini bildirib.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, iş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV