Gəncədə mebel sexində yanğın olub
Gəncədə yanğın olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Sözügedən ünvanda fəaliyyət göstərən taxta sexi və ona bitişik mebel salonunda yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kəpəz və Nizami rayon Yanğından Mühafizə idarələrinin 5 yanğınsöndürən maşını və 30-dan artıq canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 180 m² olan mebel sexinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü 60 m² sahədə və içərisində 5 ədəd dəzgah yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.