Gəncədə Mustafa Kamal Atatürk anılıb
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün vəfatının 84-cü il dönümü ilə bağlı anım tədbiri keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, ziyalılar, tələbələr, məktəblilər və şəhər ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk bildirib ki, Mustafa Kamal Atatürk XX əsrdə dövlət quran böyük öndərlərdən biridir, siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Mustafa Kamal Atatürk belə bir şəraitdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb.
Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb.
Tədbirdə Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş etdirilib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV