Gəncədə narkotik alverçisi polisə müqavimət göstərdi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Gəncədə saxlanılan narkotik alverçisinin avtomobilindən silah götürülüb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, “Alik” ləqəbli 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub.

 

Əli Məmmədovun şəhər ərazisindəki yeri müəyyən edilib. O, idarə etdiyi avtomobillə birlikdə saxlanılıb. Baş Polis İdarəsinə gətirilən zaman Məmmədov polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, hadisə yerindən qaçmağa cəhd edib və asayiş keşikçilərinə müqavimət göstərib. Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb.

 

Əli Məmmədovun üzərində axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçədən  1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin götürülüb. Ona məxsus “Nissan-Maxima” markalı avtomobildən isə soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər, 1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron, bir ədəd sandıqca və 1 ədəd sellofan bükülüdə çəkisi 9.5 qram metamfetamin aşkar olunub.

 

Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Bəkir Qarayev bildiib ki,davam etdirilən tədbirlərlə Ə.Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev olduğu müəyyən edilib:“Araşdırmalar zamanı Əli Məmmədovun tanışı Kamran Əli oğlu Rzayevə narkotik vasitə satdığı müəyyən olunub. Gəncə şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Kamran Rzayev saxlanılaraq, Baş Polis İdarəsinə gətirilib. Əli Məmmədovun satdığı narkotik vasitə onun üzərindən aşkarlanaraq götürülüb”.

 

Əli Məmmədovun bir müddətdir narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu, Ağcabədi və Bərdə rayonlarında əldə etdiyi narkotik vasitələri Gəncə şəhərində satdığı müəyyən edilib.

 

 Hazırda Məmmədovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.  

 

Müəllif | Apa.Tv
Apa.tv