Gəncədə qohumlar arasında dava, bir nəfər güllələndi, iki nəfər bıçaqlandı

Gəncədə qohumlar arasında kütləvi dava qanla bitib. Qətl hadisəsi Gəncənin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Qohum olan Bayramovlar uzun müddətdir aralarında yaşanan mübahisəni həll etmək üçün gecə saatlarında görüşüb.

Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxan, qohumları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı - 1986-cı il təvəllüdlü Kamal Bayramov arasında düşən mübahisə zamanı qardaşlar Əli Bayramov tərəfindən bıçaqlanıb. Bu zaman Kamal Bayramov özü ilə gətirdiyi ov tüfəngi ilə Əli Bayramova atəş açıb. Sonuncu xəstəxanaya aparılsa da yolda dünyasını dəyişib.

İlkin ehtimal kimi mübahisə borc pul üstündə düşüb. Qohumlar arasında borc məsələsi uzun müddət davam edib. Hər iki tərəf borca görə bir-birlərini günahlandırıblar. Belə ki, öldürülən şəxs qarşı tərəfin ailəsindən birini təqaüdə çıxartmaq üçün 2 dəfə müəyyən məbləğdə pul alıb. Sonradan həmin  pulları geri qaytarılmayıb. Mübahisə də bu səbəbdən düşüb.

Bir neçə bıçaq xəsarəti alan qardaşlar Akademik Zülfüqar Məmmədov adına  Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Niyazi Bayramov səhər saatlarında həyatını itirib.

Faktla bağlı  Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam edir.

Müəllif | Apa.Tv
Apa.tv