Gəncədə Rus Pravoslav kilsəsində erməni terrorunun qurbanı olan sakinlərin anım mərasimi keçirilib
Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, mərasimdə kilsənin keşişi Denis Sotnikov Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb: “Bizim prezident çox müdrik adamdı. O, bizim insanlara, Azərbaycana ədalət və qələbəni gətirəcək. Elə bu günkü dualarımız da sülh və əmin-amanlıqla bağlı idi. Dua etdik ki, bu təcavüzkarlar tezliklə bizim torpaqlardan getsinlər. Azərbaycanda tolerantlıq, multikultural dəyərlərə malik ölkədir. Biz səbrlə 30 il gözlədik. Qoy sakitcə bizim torpaqlardan, kənd və şəhərlərimizdən çıxıb getsinlər. Dünya ictimaiyyətinə müraciət etmək istəyirəm ki, üçüncü ölkələr Azərbaycanın haqq işinə mane olmasınlar. İndi bizim qəhrəman əsgərlərimiz hər gün bizi xoş xəbərlərlə sevindirirlər, doğma torpaqları azad edirlər”.
Onun sözlərinə görə, bu günlərdə ölkənin ikinci ən böyük şəhəri Gəncə hədəfə alınıb, uşaqlar, böyüklər, yaşlı adamlar zərər çəkiblər. Dinc insanların heç bir günahı yoxdur. Ermənistan qəsdən bizi təxribata çəkmək istəyir ki, onlara cavab verək deyə keşiş qeyd edib: “Mən milliyətcə rusam amma burda böyümüşəm. Gəncədə doğulmuşam. Gəncə mənim doğma şəhərimdi, torpağımdı. Siz bu gün gördünüz, ermənilərin atəşindən təkcə dinc insanlar yox, dini abidələr də ziyan çəkib. Eləcə də bizim kilsə. Gördüyünüz kimi kilsənin gümbəzindəki pəncərə şüşələri mərminin təsirindən sınıb tökülüb. Kilsənin divarlarında çat əmələ gəlib”.
Qeyd edək ki, bu il oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.