Gəncədə saxta jurnalist saxlanıldı
Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən Kəlbəcər rayon sakini Elnur Alməmmədovun şəhər ərazisinə daxil olması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Liderpress.az” MMC-də işlədiyini bildirib. Həmin müəssisənin üzərində gəzdirdiyi xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib.
Elnur Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib. İlkin dindirmə zamanı o, həmin vəsiqəni özünün hazırladığını etiraf edib. Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün bu yola əl atdığını bildirib: “Evdə printerim var idi. Həvəsə gəldim, baxdım gördüm düzəlir. Sonra üzlük tapıb yapışdırdım. Yəni fikirləşdim hansısa karantində polis postlarından keçə bilərəm. O da gəldim, göstərəndə polis əməkdaşları gördü saxtadır, bura dəvət etdilər”.
Faktla bağlı araşdırmalar davam etdirilir.