Gəncədə saxta jurnalist vəsiqəsi hazırlayan şəxs tutuldu

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmadığını yoxlayıblar.

 

Bu zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. Tural Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər  ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib: “Saxta sənəd hazırlamışdım. Yəni bu xüsusi karantində çıxıb harasa getmək üçün. Əməlimdən çox peşmanam”.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv