Gəncədə saxta pul hazırlayan dəstə iş başında yaxalandı
Gəncədə saxta pul hazırlayan dəstə ifşa edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, həmin şəxslər şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verən zaman iş başında yaxalanıblar.
Gəncə şəhər Nizami rayon Polis İdarəsinin tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri əvvəllər məhkum olunmuş, Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə saxlanılıb. DİN-in əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Vaqif Tağızadənin bir müddət əvvəl kirayə götürdüyü mənzildə pulları hazırlayaraq dəstənin digər üzvləri vasitəsi ilə dövriyyə buraxdığı məlum olub: “Baxış keçirilmiş və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb”.
Saxlanılan dəstə üzvləri əməllərini səmimi etiraf ediblər. Onlar Vasif Tağızadənin hazırladığı saxta əsginasları müxtəlif market və mağazalarda xırdalayaraq özləri üçün asan qazanc yolu seçdiklərini deyiblər:
- Uşaqlara hərəsinə 300 manat verdim. Gətirdilər hərəsi 100 manat xırdalamışdı. Məndə onlara xırdaladıqları üçün pul verdim.
- Elvindən 100 manat aldım. Xırdaladıb aparıb 90 manat verdim. Səhəri gün 200 manat verdi. 200 manatı da “Gəncəmoll”da xırdalayanda polislər tutdu.
- Elvin mənim həmyerlimdir. Mənə 100 manat bir 200 manatda bir pul verdi. Dedi apar bunu mağazalarda xırdala pulu gətir mənə ver mən sənə pul verəcəm. Heçnə məndə apardım mağazalara verdim. Gətirdim Elvinə verdim. Oda mənə 20-25 manat pul verdi.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV