Gəncədə silsilə oğurluqlar edən şəxs tutuldu
Gəncədə silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin müxtəlif vaxtlarda 10 oğurluq cinayətinin törətməsi müəyyən edilib.
Gəncə sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Anar Qurbanov sonuncu belə oxşar cinayəti şəhər sakini Şahin Aslanovun mağazasında reallaşdırıb. Həmin vaxt çağırılmamış qonaq mağazadan 4820 manat dəyərində surətçıxarma cihazını və ofis ləvazimatlarını oğurlayıb.
Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki Anar Qurbanov buna qədər Gəncə şəhəri ərazisində 9 oxşar cinayət törədib. Eyni üsulla ev, mağaza və ofislərə qanunsuz daxil olan şəxs oradan bir xeyli qiymətli əşyaları oğurlayıb.
Saxlanılan şəxs törətdiyi əməlləri səmimi etiraf edib və oğurladığı qəniməti dəyər-dəyməzinə satdığını deyib. Artıq maddi sübutların bir qismi tapılaraq istintaqa təhvil verilib.
Hazırda saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak edib-etməməsi və törətdiyi cinayət hadisələrində digər şəxs və şəxslərlə cinayət əlaqələrinin olub-olmaması istintaq-əməliyyat tədbirləri ilə araşdırılır. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu
APA TV Gəncə