Gəncədə velosipedçilərə qarşı reyd keçirilib – CƏRİMƏLƏNƏNLƏR VAR
Baş verə biləcək qəzaların qarşısını alınması məqsədi ilə yol polisi velosipedçilərə qarşı reyd keçirib. Reyd zamanı xeyli sayda qayda pozan velosipedçilər aşkarlanıb. Onların barəsində inzibati qaydada protokol tərtib edilib.
Gördüyünüz kimi velosipedlə hərəkət edən gənc şəhərin mərkəzində, kobud şəkildə qayda pozur. Buda həm onun özünün, həmdə sürücülərin həyatı üçün təhlükə yaradır.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu kimi amilləri nəzərə alaraq Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşlarının şəhərin əsas küçə və prospektlərində keçirdiyi reyd zamanı 10-a yaxın qayda pozan velosipedçi aşkarlanıb. Gəncə şəhər Baş Polis İdarəsinin DYPİ-nin baş inspektoru Hacı Həsənov deyir ki, həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb: “Bunlardan bir neçəsi yol hərəkəti qaydasını pozduğuna görə barələrində inzibati protokollar tərtib edilib. Və onlarla maarifləndirci istiqamətdə söhbətlər aparılıb”.
Hacı Həsənovun sözlərinə görə, söhbətlər zamanı velosipedçilərə avtomobil yolu ilə hərəkət etməmək, eləcə də yaşı 14-dən aşağı olan şəxslərə ümumiyyətlə velosiped sürməmək tövsiyə edilib: “Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq velosipedi idarə edən şəxs hərəkət zamanı piyada zolağı ilə hərəkət etməlidir. Bunlar olmadıqda isə yol çiyinləri ilə hərəkət etməlidir. Yol nişanlarına əməl etməlidirlər”.
Qayda pozan velosipedçilər vəziyyətdən çıxmaq üçün müxtəlif bəhanələr gətirsələr də bu, onlara kömək olmayıb.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkədə velosipedçilərinin iştirakı ilə 21 yol nəqliyyat hadisəsi baş verib. Bu zaman 8 nəfər ölüb, 21 nəfər isə müxtəlif bədən xəsarəti alıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV