Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış – 2 NƏFƏR YARALANDI
Gəncə şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Kəpəz rayonunun Müseyib Bağırov küçəsində yerləşən “LukOİL” yanacaqdoldurma məntəqəsində baş verib.
Partlayış yanğınla nəticələnsə də, FHN-in yerli strukturlarının hadisəyə zamanında müdaxiləsi faciənin qarşısını alıb. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğın və növbəti partlayış təhlükəsinin qarşısı alınıb, partlayış nəticəsində xəsarət alan 2 nəfər əraziyə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb, digəri isə xəstəxanada həkim nəzarəti altındadır.
Hadisənin təfərrüatları araşdırılır.