Gəncədə “Zaporoji” ilə avtoxuliqanlıq etdi – POLİS YAXALADI
Gəncədə “Zaporoji” ilə avtoxuliqanlıq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə tutulan Kələbəcər rayon sakini Malik Mamedov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradıb və bu hərəkətlərini də çəkərək sosial şəbəkələrdə yayıb.
Baş inspektor Hacı Həsənovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, sürücünün sükan arxasına oturmaq üçün hüququ olmayıb: “Törətdiyi əməldən peşman olmaq əvəzinə bu əməlini əhalinin daha geniş kütləsinə yaymaq üçün inzibati xətanın videoçarxını sosial şəbəkələrə yerləşdirib. Bu faktla bağlı tərəfimizdən müvafiq araşdırma aparılıb”.
“ZAZ 968” markalı avtomobili idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Malik Mamedov 15 gün müddətində həbs edilib.
Saxlanılan Malik Mamedov etdiyi əməli etiraf edib: “Zaporoji ilə avtoxuliqanlıq etdim. Maşına xüsusi nişan qoymuşam. Altına tüstü qoymuşam. Əks yolda hərəkət etmişəm. Bilməmişəm gəlib bu vəziyyətə çatacaq”.
Yol polisləri bir daha sürücülərə xəbərdarlıq edərək sükan arxasında intizamlı olmağa çağırıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV