Gəncənin bütün girişlərində polis postları qurulub – REPORTAJ
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı Gəncə şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulub.
Şəhərə daxil olan əsas beş istiqamətdə - Goranboy, Göygöl, Şəmkir, Samux və Daşkəsən rayonlardan olan girişlərdə polis postları quraşdırılıb. Postlarda şəhərin gələn avtomobillərin sürücüləri və onların sərnişinlərin qeydiyyatı yoxlanılır. Bu zaman başqa rayona qeydiyyatları aşkarlandıqda, həmin şəxslər polis tərəfindən gəldikləri rayona qaytarılır.
Martın 26-da gecə saat 20:00-dan etibarən Gəncə şəhərinə digər rayon və şəhərlərdən gələn vətəndaşların giriş-çıxışına məhdudiyyət qoyulub. Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara gediş-gəliş tam olaraq dayandırılıb. Məhdudlaşma tətbiq edilən gündən indiyədək ümumilikdə polis postlarında 2000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib.
Xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydasına əsasən, Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinlər buraxılır. Həmçinin təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlarla gələn ailə üzvləri (2 nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydalarda göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb.
Saxlanılan sürücülərə və vətəndaşlara xüsusi karantin rejimini tələbləri barədə məlumat verilərək, zərurət olmadan evdən çıxmamaq tövsiyə olunub. Şəhər ərazisini tərk etmək istəyən şəhər sakinlərə də qeyd edilən istisnalar olmadıqda, şəhərdən çıxışa icazə verilməyib.
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərinə əsasən gücləndirilmiş iş rejimində çalışır.