Gəncənin üç böyük küçəsi zibilli sulara qərq oldu - APA TV
Gəncədə Xan Arxı daşıb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, daşqın Bayan, Təbriz və Eminbəyli küçələrində, eləcə də Mahrasa bağı qəsəbəsinin yollarında xoşagəlməz mənzərə yaradıb, hərəkəti çətinləşdirib. Sakinlər deyir ki, kanalın daşması bir yana, ətrafa tez-tez üfunət iyi yayılır.
Mənbəyini Gəncə çayının Firuzabad qəsəbəsində yerləşən su qurğusundan götürən kanal Gəncənin bir sıra küçələrindən keçir. Sakinlər bildirir ki, kanala atılan tullantılar onları tez-tez eyni problemlə üz-üzə qoyur. Kanalın daşmasın səbəb isə elə sakinlər tərəfindən arxa atılan məişət tullantılarıdır.
Kanala xidmət edən Göygöl Suvarma Sistemləri İdarəsindən isə məsələ ilə bağlı bildirdilər ki, bu vəziyyət daima davam etdiyi üçün idarə əməkdaşları tez-tez kanal ərazisində təmizlik işləri aparır.
Sakinlər problemin həlli üçün arxın üstünün örtülməsini istəyir. İdarə rəsmisi isə hələ ki, belə bir məsələnin gündəmdə olmadığını bildirdi.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə