Gənclər hər an döyüşə hazırdır - REPORTAJ

 

Ölkədə elan olunan qismən səfərbərliklə yanaşı, cəbhədə döyüşmək üçün müraciət edən könüllülərin də sayı yetərincədir.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə törətdiyi təxribata cavab olaraq cənub bölgəsində də ordu sıralarına çağırılanların əhval-ruhiyyəsi və könüllülərin çoxsaylı müraciətləri böyük ruh yüksəkliyindən xəbər verir. Lerik və Lənkəranda bu qələbəliyin əyani şahidi olduq.

Lerikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur. Xüsusilə ucqar dağ kəndlərinin sakinləri çoxdan gözlədikləri anı gerçəkləşdirmək üçün vuruşmağa hazır olduqlarını bildirirlər.

- Biz döyüşə hazırıq, özüm döyüşçü kimi. Leriklilərdən burada döyüşçülər var, Aprel döyüşlərinin iştirakçıları var. İnşallah üçrəngli bayrağımızı Laçında, Kəlbəcərdə, Şuşada, Xocalıda dalğalandıracağıq.

- Azərbaycanın güclü ordusu var. Biz buna inanırıq. İnşallah qələbə çox yaxın günlərdədir.

Cənub bölgəsində qəhrəman döyüşçülər yetişdirən Lənkəranda da igidlər könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmək üçün müraciət edirlər. Xüsusilə də Ermənistan silahlı qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tutmaları, mülki insanlara qarşı terror vasitələrindən istifadə etmələri gənclərimiz tərəfindən ciddi narazılıqla qarşılanır.

- Bundan əvvəl də cəbhə bölgəsində, Azərbaycan ordu sıralarında xidmət etmişəm və son günlər baş verən bu hadisələrdən sonra könüllü öz adımı yazdırdım. Mən fəxr edirəm ki, vətənin bu dar günündə mən ona öz xidmətimi göstərə biləcəyəm və inşallah tez bir zamanda işğal altında olan torpaqlarımızı azad edəcəyik.

- Mən fəxr edirəm ki, mənim övladım Rafiq Əkbərov 2-ci dəfə vətənə xidmət eləməyə gedir. Bir ana kimi mən fəxr edirəm. Vətəni qorumağa gedir, vətənə xidmət eləməyə gedir.

Ermənistan tərəfi yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etməkdən çəkinmir. Belə olduğu təqdirdə könüllü Lənkəranlılar torpaqlarımızın işğaldan azad olunması üçün hər an, bir əsgər kimi hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini vurğulayırlar. Hazırda gənclərin orduda xidmət etmək üçün müraciətləri davam edir.

Müəllif | Apa.Tv
Apa.tv