Gəncədə qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər cərimələnib

Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq ölkə ərazisində bütün avtovağzalların fəaliyyəti dayandırılıb, rayonlararası sərnişindaşıma aparılmır.

 

Amma buna baxmayaraq, bəzi sürücülər qeyri-qanuni yollarla ətraf rayonlardan Gəncəyə, eləcə də paytaxt Bakıya sərnişin daşıyırlar. Gəncə polisinin şəhər ərazisində apardığı yoxlamalar zamanı bununla bağlı qanun pozuntuları müəyyən edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhərin müxtəlif ərazilərini özləri üçün dayanacaq seçən bu mikroavtobusların sürücüləri sanki verilən qərardan xəbərsizdilər.

 

Yoxlamalar zamanı pandemiyanı fürsət bilən sürücülərin gediş haqqını da süni şəkildə qaldırdığı məlum olub. Sürücülər müxtəlif bəhanələrlə sərnişin daşımalarını inkar etməyə çalışsalar da sərnişinlər sükan sahiblərinin yalanlarını ifşa edib. 

 

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, qanunsuz sərnişin daşıyan sürücülərlə bir daha profilaktiki söhbətlər aparılıb, onlara qanunun tələbləri izah edilib: “Bu günk tədbir zamanı əsasən Qərb bölgəsindən şəhərə gələn mikroavtobuslar aşkarlanaraq qanuna müvafiq tədbirlər görülüb. Bu tip tədbirlər bundan sonrada davam etdiriləcək”.

 

Ümumilikdə araşdırmalar zamanı şəhərin müxtəlif ərazilərində istər Paytaxt Bakı, istərsə də ətraf şəhər və rayonlara qanunsuz sərnişin daşıyanların çoxluq təşkil etdiyi müşahidə edilib.

 

Fuad Naizmoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv