General Polad Həşimov və polkovnik İlqar Mirzəyev torpağa tapşırıldı
Azərbaycan Ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev bu gün səhər II Fəxri Xiyabanda dəfn olunublar.
APA TV-nin xəbərinə görə, generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Vur, komandir vur” nidaları altında xiyabana gətirilib.
Şəhidlərlə vidalaşmağa hərbçilər, keçmiş döyüş yoldaşları, ehtiyatda olan döyüşçülər, şəhidlərin yaxınları və dostları gəlmişdi. Hamının gözündə yaş, qəlbində iftixar duyğusu vardı.
Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlunun Vətənin qeyrətli bir generalı olması ilə fəxr etdiyini bildirib: “Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi virus qurtarsın, gələcək. Gəlişi belə oldu. Deyirdi, əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm”.
Şəhid polkovnik İlqar Mirzəyevin döyüş yoldaşları da onunla qürur duyduqlarını vurğulayıblar.
Allah rəhmət eləsin!