“Gərək görüm baxım eləyək” – SÜRÜCÜLƏRİN “FORMA 4” DƏRDİ

Yəqin ki, əksər sürücülər bu mənzərə ilə tanışdır. Çünki arzuolunmayan yol qəzaları zamanı sürücülərin almaqda ən çox çətinlik çəkdiyi sənədlərdən biri də məhz “Forma 4”dür. Elə sorğu zamanı da dediklərimizin həqiqət olduğunu gördük.

Mövzu ilə bağlı problemi araşdırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, avtomobil qəzaları zamanı Dövlət Yol Polisindən alınan "Forma 4" arayışı artıq elektron qaydada verilir, sistem özü də tam fəaliyyətdədir:

 

 “Yol polisi əməkdaşı hadisə yekunlaşdıqdan sonra həmin məlumatları bu elektron sistemə daxil edir. İstənilən halda bu müddət 10 günü keçmir. Bəzən daha tez olur. Əgər zərurət varsa Sığorta şirkətləri Dövlət Yol Polisi orqanlarına rəsmi şəkildə sorğu ilə müraciət edirlər. Daha sonra Dövlət Yol Polisində avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin İcbarı Sığorta hadisələri üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları qeyd olunur. Sənədlər həmin sığorta şirkətinə göndərilir. Əgər hansısa sürücü iddia edirsə hadisə ilə bağlı sənədlər 10 gündən artıq çəkirsə və ya ümumiyyətlə göndərilməyib deyirsə buyurub rəsmi şəkildə müraciət eləsin araşdırma aparaq”.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi Turanə Axundova isə deyir ki, sözügedən sənədin verilməsində gecikmələr yalnız  xəsarət və ya ölüm halları baş verdiyi zaman olur.

 

 “Bu arayış Daxili İşlər Nazirliyi ilə İcbari Tibbi Sığorta arasında inteqrasiya bürosu tamamlandıqdan sonra arayış elektron şəkildə Sığorta şirkətlərinin elektron sistemində öz əksini tapır. Hadisə baş verdikdən sonra Dövlət Yol polisi hadisə yerinə gəlib hadisəni sənədləşdirir. Hadisə sistemdə qeydiyyata alındıqdan sonra İcbari Sığorta bürosuna inteqrasiya olunur daha sonra Sığorta şirkətlərinin sisteminə inteqrasiya olunur”.

 

Ekspert Ərşad Hüseynov isə bildirir ki, sözügedən sənədin alınması qanunvericilikdə olduqca mürəkkəbdir.

 

 “Bu gün yol nəqliyyat hadisəsinə düşən sürücü sadəcə sənədləşdirməyə 4-5 saat vaxt itirir. Bu da böyük bir vaxtdır. Lakin dünya ölkələri bunu sadələşdirib. Bu işi qanunla həvalə ediblər sığorta şirkətlərinə. Onlar operativ şəkildə gedir hadisə yerinə, 2-3 fotoşəkil çəkir, günahkar aydınlaşır. Daha sonra polisə hadisə ilə bağlı ətraflı məlumat verilir”.

 

Ekspert problemin həlli ilə bağlı təklif də irəli sürür. Onun sözlərinə görə, kimin təqsirkar olduğu müəyyənləşdikdən sonra Mərkəzi informasiya sisteminə qəza ilə bağlı məlumatla yanaşı, “Forma 4” də yerləşdirilsin.

 

Nərmin Murad,  

Xəyal İsgəndərov,

Fariz Quliyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv