Geri qaytarılan azərbaycanlı əsirlərin sayı açıqlandı

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilib.

Konfrans Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşmüş şəxslər olub.

Tədbirdə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç, AMEA prezidenti İsa Həbibbəyli, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov və digər dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib.

Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsindən sonra Ermənistana təhvil verilən şəxslərin sayı da açıqlanıb.

Bununla bağlı, İsmayıl Axundov bildirib ki, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib.

O qeyd edib ki, 2020-ci ildə baş vermiş Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratsa da, hazırda bizə mane olan əsas amil ərazilərin minalar və partlamamış sursatlarla çirkləndirilməsidir.

İsmayıl Axundov onu da əlavə edib ki, 2022-ci ilin fevral ayında Xocavənd rayonunun Edilli kəndinin ərazisində həyata keçirilən ilk qazıntı zamanı I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olması ehtimal edilən dəfn yerlərində ekshumasiya prosesi nəticəsində kütləvi məzarlıqdan 4 şəxsin tam anatomik skeleti və 3 şəxsə aid olan meyit qalıqları götürülüb. Eyni zamanda, həmin məzarlıqda daha çox şəxsə aid meyit qalıqlarının olması ehtimalı öz təsdiqini tapıb və axtarış-qazıntı işlərinin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov isə vurğulayıb ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib.

Onun sözlərinə görə, təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib, onlardan 85 ədədi tank, 36-sı isə piyada əleyhinə minadır.

Müəllif | Apa.Tv
Apa.tv