Geri qaytarılan vətəndaşlar, sərhəddə saxlanılan "TIR"lar - "QIRMIZI KÖRPÜ" BAĞLANDI
Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.
Bu gündən Gürcüstan-Azərbaycan sərhədi, “Qırmızı Körpü” buraxılış məntəqəsi 10 gün müddətinə bağlanıb. Müvafiq qərardan vətəndaşların böyük əksəriyyəti xəbərsiz olduğu üçün buraxılış məntəqəsindən geri qayıdıb. Tranzit Dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar.
Hər iki ölkə ərazisində olan beynəlxalq yükdaşıma ilə məşğul olan iritutumlu yük avtomobilləri də fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır. Azərbaycan ərazisinə keçən TIR-lar da 10 gün müddətində ölkə ərazisində saxlanılacaq. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu məntəqədə vəziyyəti nəzarətdə saxlayır.
Mövcud vəziyyət martın 25-nədək davam edəcək.