Gömrük-keçid məntəqəsində sıxlıq yarandı – 1000-DƏK YÜK MAŞINI NÖVBƏ GÖZLƏYİR

Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hazırda ərazidə 1000-dək yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyir.

- Gürcüstandan Moskvaya mandalin aparıram. 5 gün öncə Qırmızı körpüdən Azərbaycana keçmişəm, 3 gündür burdayam. Əgər sıram gələrsə Moskvaya gedəcəm, sıram da 139-dur.

- Fındıq aparıram Rusiyaya. 3-4 gündür burdayıq, hələ 2 gün də dayanacağıq. Bizim gömrük işləyir deyirlər, rus tərəfi qəbul edə bilmir deyirlər.

- Mən alüminium aparıram. 2 gündür burdayam, hələ 3 günə növbəm çatacaq. Azərbaycan tərəfi işləyir, günə 200-250 maşın buraxılar. Bizim rus tərəfdə problemlərimiz yaranır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, növbələrin yaranmasına səbəb mövsümlə əlaqədar, ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasıdır: “Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, yanvarın 29-da 214, yanvarın 30-da 203, yanvarın 31-də 232 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb. Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xətləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür”.

Gömrük Komitəsindən verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq artıq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı intensivlik tamamilə aradan qaldırılacaq.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Görülən tədbirlər nəticəsində yaxın günlərdə sıxlıqlar tamamilə aradan qaldırılacaq.

Müəllif | Apa.Tv
Apa.tv