Gömrükdə əməliyyat: 305 kq heroin aşkarlandı

Azərbaycanın gömrük sərhədindən 305 kiloqramdan artıq heroinin qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İdarənin "Astara" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Arazigojog Abdolrazzaqın idarə etdiyi "Traktor" markalı, yük avtomobili saxlanılıb.

 

Müvafiq sənədlərdə həmin avtomobillə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına "kənd təsərrüfatı üçün avadanlıq - kotan" yükünün aparıldığı qeyd edilib.

 

Lakin sözügedən nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılarkən xidməti it kotanların dəmir çərçivəsinə reaksiya verib və yüklər stasionar rentgen qurğusundan keçirilib. Bu zaman 22 ədəd kənd təsərrüfatı avadanlığından 12-sinin içərisində - kotanların dəmir çərçivəsindəki boşluqda gizlədilən 598 ədəd bağlamada, ümumi çəkisi 305 kq 289 qram olan heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv