Goranboyda icra nümayəndəsi kənd sakinini döyüb?

 

Goranboyda döyülmə faktı qeydə alınıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Həmənli kəndində qeydə alınıb.

1969-cu il təvəllüdlü kənd sakini Mahir Nuru oğlu Verdiyev kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Döyülən şəxs iddia edib ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Hüseynalı Abbasov tərəfindən su üstündə aralarında yaranan mübahisə zamanı döyülüb.

Məsələyə aydınlıq gətirən Goranboy rayon İcra Hakimiyyəti başçısının Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Hüseynalı Abbasov APA TV-yə bildirib ki, oktyabrın 31-də kənd sakinləri zəng edərək, onu kəndə su bölgüsünə çağırıblar. Bu zaman Mahir Verdiyev hər iki arteziandan su aparmalı olduğunu bildirdiyi üçün aralarında mübahisə düşüb və həmin şəxs icra nümayəndəsini camaatın içində təhqir edib.

Kənd sakinini döymədiyini deyən Hüseynalı Abbasovun sözlərinə görə, məsələ ilə bağlı aktlaşdırma aparılandan sonra Mahir Verdiyev özünün zərərçəkən kimi təqdim etmək məqsədilə xəstəxanada yatmaq qərarına gəlib.

Xəstəxanadan isə bildirilib ki, Mahir Verdiyev müayinə olunub, müayinənin cavabından sonra xəsarətləri ilə bağlı dəqiq məlumat veriləcək.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv