Goranboyda yerləşən bu türbəli qəbiristanlıqda tarixi şəxsiyyət yatır
Qədim və tarixi türbələr Goranboyunun Rəhimli kənd qəbiristanlığında yerləşir. 18-19 əsrə aid olan türbələrin bəzisi tamamı ilə dağılıb, bəzisi isə dağılmaq üzrədir. Uzun illərdir baxımsızlıqdan abidənin divarlarında çat yaranıb. Bundan başqa Rəhimli türbələrin içində olan qəbirlər də bərbad vəziyyətə düşüb, bir neçəsi isə artıq uçub. Qədim türbələrin bərbad vəziyyətə düşməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsinə sual ünvanladıq. Qurumdan türbələrin qəzalı olmasından xəbərdar oluqlarını bildirdilər. Qeyd etdilər ki, türbələr təmir və bərpa olunması üçün qeydiyyata alınıb, ardıcıl olaraq təmir ediləcək. Abidə mühafizəçisinin sözlərinə görə türbələrin qəzalı vəziyyətə düşməsinin bir səbəbi də ərazinin döyüş bölgəsinə yaxın yerləşməsidir. 44 günlük vətən müharibəsində erməni terroru nəticəsində Mirzə Adıgözəl Bəy və onun qohumlarının məzarlarına ciddi ziyan dəyib. Mirzə Adıgözəl bəyin ailəsinə mənsub olan türbələr birmərtəbəli və bir xanalıdır. Dördü nisbətən böyükdür, bişmiş qırmızı kərpiclə, ikisi isə kiçik olub çay daşından tikilib. Onların hamısı eyni sırada olmaqla bir-birindən 10 metr məsafədə yerləşir. Türbələrin daxili hissəsi çoxbucaqlı fiquru xatırladır və yuxarı hissələrini sönük rəngli karnizlər bəzəyir. Türbələrin üstündəki kitabələrdən belə məlum olur ki, həmin türbələr 1780-1848-ci illərdə yaşamış tarixçi, məşhur "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəy və yaxın qohumlarına məxsusdur. Mirzə Adıgözəl bəy və onun ailə üzvləri elə orda dəfn edilib. Qeyd edək ki, Goranboy tarixi abidələrlə zəng olan rayonlardan birdir. Rayonun Rəhmli kəndində yerləşən Mirzə Adıgözəl bəyə və ailəsinə məxsus qəbir üstü türbələr də ən qədim abidələrdəndir.
Fuad Nazimoğlu,
Mehdi Rəşid, APA TV