Goranboyun Sarov kəndində şəhidlərin xatirəsi əbədiləşdirildi

Su həyatda əvəzsiz nemətlərdəndir. Elə ona görə də Vətən üçün həyatından keçən şəhidlərimizi əbədiləşdirmək üçün onların xatirəsinə ehsan bulaqlar tikilir. Şəhid bulaqlarının tikintisi müxtəlif kənd və şəhərlərdə ənənəyə çevrilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, belə bulaqlardan biri də Goranboy rayonun Sarov kəndində tikilib.

İstər birinci Qarabağ savaşında istərsə də 44 günlük Vətən Müharibəsində Sarov kəndindən xeyli sayda gənc ön cəbhəyə yollanıb. Onlardan şəhid olanları və qazilər də var.

Elxan Zeynalov Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb: “Azərbaycan xalqına biz vəzifə borcumuzu yerinə yetirmişik. Birinci və ikinci Qarabağ müharibəsində şəhid olan bütün şəhidlərimizin məkanı cənnət olsun, Allah onlara qəni-qəni rəhmət eləsin. Xalqımızın ruh yüksəkliyi yəni bu müharibədə göstərdiyi şücaət əvəzolunmazdır”.

Şəhidlərin xatirəsinə düzəldilən lövhə və bulaq kənd gənclərinin təşəbbüsü və sakinlərin öz vəsaiti hesabına ərsəyə gəlib. Atılan bu addım böyükdən-kiçiyə hər kəsdə qürur hissi oyadıb. Səslənən Qarabağ şikəstəsini daha nisgillə deyil, qürurla dinləyirlər.

İcra nümayəndəsi Kəmaləddin Mustafayev şəhidlərin heç zaman unudulmayacağını deyir: “Kəndin cavanları, kənd ziyalıları şəhidlərə böyük hörmət, ehtiram olaraq bu gördüyünüz kompleksi ərsəyə gətiriblər. Ona görə də kənd əhalisi hamısı yığılıb, şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayır, heç vaxt biz onları unutmayacağıq”.

Açılışda iştirak edən şəhid ailələri bu addımı alqışlayıb və hər zaman xalqın və dövlətin diqqət və qayğısını hiss etdiklərini bildiriblər.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv