Görmə məhdudiyyətli şəxslər necə ev ala bilər?
Həssas əhali qrupundan olan şəxslərin sosial məişət şəraitinin yaxşılaşdırması, həmçinin sosial müdafiəsinin gücləndirməsi üçün işlər aparılır. Təkcə son 3 ildə 500-dən artıq görmə məhdudiyyətli şəxslər dövlət tərəfindən evlə təmin edilib. Ev məsələsi təkcə 1-ci qrup gözdən əlillərə şamil edilmir. Buraya 2 və 3-cü qruplar da daxildir. Amma bu yalnız 2021-ci ilə qədər qeydiyyata düşənlərə şamil edilir. Yəni Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Özü də imtiyazlı şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon İcra Hakimiyyətlərinin səlahiyyətindədir. 2021-ci ildən sonra isə ev növbəsinə qeydiyyata yazılanlar mənzillə təmin ediləcəkmi? Bax bu sualımız cavabsız qaldı. Ümid yenə də növbəti sərəncamadır.