Göyçay çayına sel gəldi, avtomobil körpüsünün altında sürüşmə və sızma oldu
Mayın 8-də axşam saatlarında Göyçay çayında suyun səviyyəsi artıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, son günlər dağlarda yağıntının artması səbəbindən Göyçay çayına gələn sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki avtomobil körpüsü üçün qismən təhlükə yaradıb.
Rayon Yol İstismar İdarəsinin baş mühəndisi Urfan Qədimov APA TV-nin yerli bürosuna bildirib ki, hazırda çayda sel axını davam edir, lakin avtomobil körpüsünün çökmək təhlükəsi yoxdur, çünki dayaqları möhkəmdir. Körpü üzərində nəqliyyatın intensiv hərəkəti davam edir.
Onun sözlərinə görə, Göyçay çayında suyun sürətinin azaldılması və sel sularının körpüyə, eləcə də çay kənarı torpaqlara ziyan vurmaması üçün çay yatağında inşa edilən əvəzləyici beton plitələrin sürüşməsi nəticəsində sınma qolda su sızması baş verib. Ötən gün axşam saatlarında çayda suyun səviyyəsinin artması insanların marağına səbəb olub və sakinlər körpünün üstünə toplaşıblar. Vəziyyətlə əlaqədar rayon İcra Hakimiyyətinin və Yol İstismar İdarəsinin nümayəndələri körpüyə baxış keçirib, orada təhlükəli hal aşkar edilməyib.
U.Qədimov qeyd edib ki, körpünün altında, yəni çayın yatağındakı sol beton sınma qolunda baş verən beton sürüşməsi nəticəsində yaranan su sızmasının qarşısının alınması üçün təcili tədbirlər görüləcək.
“Körpübinatikinti” ASC-nin tikinti briqadası Göyçaya gələcək, çay yatağındakı beton plitələrin sürüşməsi nəticəsində yaranan su sızmasının qarşısının alınması üçün yenidən betonlama işləri görüləcək.
Qeyd edək ki, 2018-ci il iyunun 2-də Göyçay çayına güclü selin gəlməsi nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsü tamamilə dağılmışdı. Nəticədə Bakı-Şamaxı-Yevlax yolu ilə hərəkət edən avtomobillərin bu körpü üzərindən keçidi bir ay ərzində məhdudlaşmış, yeni körpü inşa edildikdən sonra nəqliyyatın hərəkəti bərpa edilmişdi.