Göyçay sakini Ucarda koma vəziyyətində tapıldı
Ucarda dəmiryolu stansiyasında koma vəziyyətində olan yaralı şəxs tapılıb.
Bu gün səhər saatlarında bir nəfər şəxsin huşsuz vəziyyətdə olması ilə bağlı rayon xəstəxanasının təcili yardım şöbəsinə müraciət olunub. Vətəndaş Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, koma vəziyyətində olan yaralı şəxs, Göyçay rayonunun Çərəkə kənd sakini, 1990-cı il təvəllüdlü Samir Faiq oğlu İbrahimovdur. Həkimlər Samir İbrahimovun vəziyyətinin ağır olduğunu deyirlər.
Zərərçəkənin hansı səbəbdən belə bir duruma düşməsi barədə hələ ki, dəqiq məlumat yoxdur.
İlkin məlumata görə, zərərçəkən Samir İbrahimov Hacıqabul stansiyasında teplovozun maşinistinə yaxınlaşaraq onu da Ucar dəmiryolu stansiyasına kimi aparmasını istəyib. Maşinist isə Samirin təklifini rədd edərək teplovoza götürməyib.
Ehtimal olunur ki, Samir İbrahimov hansısa şəraitdə teplovozla gəlib və Ucar stansiyasında düşmək istəyərkən yıxılaraq ağır xəsarətlər alıb. Xəstəxanadan bildirildi ki, zərərçəkənin qolunda, ayağında və bədəninin bir çox hissəsində sıyrıq izləri olub. Yaralı müalicəsini davam etdirmək məqsədi ilə Göyçay xəstəxanasına göndərilib.
Fakt araşdırılır.