Göyçay və Ağdaşda 56 nəfər cərimələndi, 1 nəfər həbs edildi - KARANTİN QAYDALARINI POZUBLAR
Göyçay və Ağdaşda karantin rejim qaydalarını pozan 56 nəfər cərimə edilib, bir nəfər həbs olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, karantin rejim qaydalarının təmin olunması məqsədilə Göyçay və Ağdaş rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Göyçayda keçirilən reyd zamanı karantin rejimini pozan 24 nəfər saxlanılıb. Onlar barəsində protokol tərtib olunub. Həmin şəxslər karantin rejim qaydalarını pozaraq heç bir zərurət olmadan və 8103-ə SMS göndərmədən küçədə gəzərkən saxlanılıb.
Həmçinin, polisin qanuni tələbinə məhəl qoymadan əməllərini davam etdirdiyinə görə saxlanılan bir nəfər barəsində protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs inzibati həbs edilib.
Bundan əlavə rayonda fəaliyyətini davam etdirən 2 bərbərxana sahibi də cərimələnib.
Ağdaş rayonunda da küçədə icazəsiz hərəkət edən 26 nəfər barəsində protokol tərtib edilib.
Polis əməkdaşları xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə şəhərdə davamlı olaraq xüsusi karantin rejiminin qaydalarını sakinlərin diqqətinə çatdırır. Küçədə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrut avtobuslarında olan vətəndaşlar polis əməkdaşları tərəfindən saxlanılaraq onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir.
Şahnəzər Bəşirov
APA TV