Göyçayda 11-ci sinif şagirdi olan nişanlı qız niyə öldü? – TƏFƏRRÜAT

Göyçay rayonunda yeniyetmə qız zəhərlənərək dünyasını dəyişib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şıxəmir kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü İsmayılova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib. Onun maye qazın otağa sızması nəticəsində zəhərləndiyi bildirilir.

Hadisə zamanı ailə üzvləri evdə olmayıb. Məlumata görə, Aysun İsmayılova gündüz vaxtı evdə tək olduğu üçün yeməyi bişirdikdən sonra qaz sobasını söndürərək yatıb. Qaz krantını səhv bağladığı üçün mavi yanacaq otağa dolub, Aysun yuxuda olarkən zəhərlənib. O yuxudan ayılan kimi dayısı qızına və atasına zəng edərək boğulduğunu deyib, onları köməyə çağırıb. Atası Habil İsmayılov evə qayıdarkən qızın halının pis olduğunu görüb, onu dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıb. Vəziyyəti ağırlaşan Aysun İsmayılova müalicə üçün təcili olaraq Bakıdakı Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Aysun İsmayılova xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Məlikkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olan Aysun İsmayılova əmisi oğlu ilə nişanlı olub. Qohumları qızın nişanlısı ilə mehriban olduğunu deyir. Onların sözlərinə görə hər  iki gəncin valideynləri nişanlılara ev tikirmiş. İki il içində övladlarına toy etməyi planlaşdırıblar.

Aysun İsmayılovanın meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə aparılıb, nümunələr götürülüb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv