Göyçayda binada uçqun oldu – ƏR VƏ ARVAD XƏSARƏT ALDI
Göyçayda yaşayış binasında uçqun olub, xəsarət alanlar var.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb. Binanın 1-ci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan 1951-ci il təvəllüdlü Eyvaz Şamilov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəridə Şamilova zirzəmiyə düşüblər.
Beton plitələrin arasında köməksiz vəziyyətdə qalan ər və arvadı zirzəmidən qonşular çıxarıb. Hadisə zamanı qadının ayağı sınıb, kişi isə ayaq və bel nahiyəsindən xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb, tibbi yardımdan sonra evə buraxılıb.
Xəsarət alan Eyvaz Şamilov APA TV-nin yerli bürosuna bildirib ki, dördmərtəbəli yaşayış binasının zirzəmisinə həmişə su dolduğu üçün pilləkənin dayaqlarında çürümə baş verib. Nəticədə pilləkən əyilib və təhlükəli vəziyyət yaranıb. Sakinlər məsələ ilə bağlı Göyçay rayon Mənzil İstismar Sahəsinin müdiri Ayaz Cəfərəliyevə müraciət etdiklərini, lakin tədbir görülmədiyini bildiriblər.
Göyçay rayon Mənzil İstismar Sahəsinin mühəndisi Yadigar İsayev isə jurnalistlərə müsahibəsində bildirib ki, ötən əsrin 60-cı illərində inşa edilən binanın pilləkəni təbii çürümə nəticəsində uçub.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV