Göyçayda cücə sexi yandı, 5300 cücə tələf oldu
Göyçayda cücə yetişdirmə sexində yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.
1947-ci il təvəllüdlü Pünhan Süleymanova məxsus, ümumi sahəsi 221 kvadratmetr olan cücə yetişdirmə sexində baş verən yanğın zamanı sexin 90 kvadratmetrlik hissəsi yanıb, içəridəki 5300 cücə isə tüstüdən boğularaq tələf olub.
Əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyi nəticəsində yaxınlıqdakı 72 kvadratmetr sahəsi olan ev və 98 kvadratmetr sahəsi olan talvar, eləcə də 5200 cücə xilas edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.