Göyçayda güclü külək alçaları yerə tökdü, ağacları aşırdı – VƏTƏNDAŞLARA KÜLLİ MİQDARDA ZİYAN DƏYİB

Güclü külək Göyçayda meyvə bağlarına ziyan vurub, vətəndaşlara külli miqdarda ziyan dəyib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, təbiət hadisəsi zamanı rayonun Məlikkənd kəndində təxminən 100 hektar alça bağına ziyan dəyib, ağaclar aşıb, yetişmiş meyvələr yerə tökülərək məhv olub. Sakinlər deyir ki, güclü külək onlara təxminən 500 min manatdan çox maddi ziyan vurub.

 

Hər il may ayında alçanı Bakı, Sumqayıt, Gəncə və Rusiya bazarlarına apararaq qazanc əldə etdiklərini deyən sakinlər bu il koronavirusa görə elan edilən karantin rejimi səbəbindən 15 gündən çoxdur ki, yetişən alçanı satmaq üçün müştəri tapa bilmirlər.

 

Rayonda 300 hektardan çox alça bağı olduğu üçün hazırda daxili bazarda da məhsul bolluğu və ucuzluq yaranıb. Buna görə də ötən il 1 kiloqramı 4-5 manata satılan məhsulu indi heç 1 manata alan da yoxdur.

 

Vətəndaşlar aidiyyəti qurumlara müraciət edərək ağaclarda qalan meyvələrin vaxtında Bakı bazarlarına çıxarılması üçün onlara şərait yaradılmasını istəyirlər.

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv