Göyçayda II qrup əlilin pensiyası niyə kəsildi? - ARAŞDIRMA
Göyçay rayon sakini, II qrup əlil Şərifova Zeynəb İsgəndər qızının pensiyası kəsilib. On səkkiz yaşınadək sosial təqaüd, 1980-ci ildən bəri isə pensiya alan Zeynəb Şərifovanın əlilliyi 3 ay əvvəl Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən ləğv olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay şəhəri, Əli Kərim küçəsi 2/1, mənzil 34 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Zeynəb Şərifova anadangəlmə inkişaf qüsuru ilə doğulub, uşaqlıqdan əlilliklə əlaqədar sosial təqaüd alıb, sonradan isə ona 2-ci qrup əlillik pensiyası təyin olunub.
54 yaşlı qadın işləmək imkanı olmadığı üçün həmişə aldığı 130 manat pensiya ilə dolanıb. Onun pensiyasının kəsilməsi yaşayış durumunu daha da ağırlaşdırıb: “Mən gəzə bilmirəm. Çarpayıda uzana bilmək üçün özümlə stul gəzdirirəm. İş görə bilmirəm. İş qabiliyyətim yoxdur. Yemək bişirə, qab yuya bilmirəm. Nə edirsə, qardaşımın həyatı yoldaşı edir. Yemək bişirsə, yeyirəm, yoxsa beləcə qalıram. 130 manat pensiya alıram. Bu da heç mənə bəs etmir. İşıq pulu, qaz pulu, dərmanlarım, hamısını onunla etməyə çalışıram. Mən səbəbini bilmirəm ki, pensiyamı niyə kəsiblər. Mən xəstəyəm, əliləm. Mən gözümü pensiyaya tikmişəm”.
Zeynəb Şərifova deyir ki, xəstəliyi ilə bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasının endokrinoloq həkimi Fərhad Qurbanov tərəfindən yazılan və həkim komissiyası tərəfindən təsdiqlənən sənədləri elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərib. Lakin əlilliyi təsdiq olunmayıb və onun stasionar müalicəyə cəlb edilməsi məsləhət görülüb.
Zeynəbin qohumu Sadəgül Şərifova deyir ki, pensiya üçün növbəti dəfə sənədlərini hazırlayaraq TƏBİB-ə və Tibbi Sosial Ekspertiza Komissiyasına göndərsələr də, onlara hələ ki, cavab verilməyib: “Komissiyadan keçirdilər. Bakıdan ƏƏSMN-dən imtina verildi ki, bu insan xəstəxanada yatmalıdır. Həkimimizə yenidən müraciət etdik. Fərhad həkimin yazdığı sənəddə ərizə forması yazılıb, bütün şəkillər yazılıb, yenidən TƏBİB-ə göndərildi. Orada da həkimin rəyi bu oldu ki, bu, anadangəlmə xəstəlik olub, sonradan qazanılmadığı üçün bunun müavinəti verilməlidir. Üstəlik, bunun stasionar müalicəyə ehtiyacı yoxdur. Çünki bu xəstəliyin dünyada müalicəsi yoxdur”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentlikdən bildirildi ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə Şərifova Zeynəb İsgəndər qızına məxsus “Forma-88” Əlillik Altsisteminə daxil edilib. Lakin xəstəxananın Həkim Komissiyası tərəfindən tərtib edilən göndərişdə əsas diaqnoz olan ostexondrodisplaziyanı təsdiq edən, daha doğrusu, displaziyanın dərəcəsini müəyyən edən rentgen müayinəsi, ümumiyyətlə, olmayıb. Bunun əvəzinə “Forma-88”də ağciyərlərin rentgen müayinəsinin nəticəsi qeyd edilib. Digər tərəfdən, şəxsdə yüngül əqli gerilik olduğu bildirilsə də, yanaşı xəstəliyi təsdiq edən psixiatr rəyi bölməsində XBT kodu (Xəstəliklərin Beynəlxalq Təsnifatı) qeyd edilib. Halbuki psixiatr rəyində şəxsin psixi vəziyyəti ilə əlaqədar geniş məlumat verilməlidir, çünki psixiatr xəstəni birbaşa görür və müayinə edir. TSEK eksperti isə vətəndaşı əyani görmədiyi və müayinə etmədiyi üçün “Forma-88”-də yazılan məlumatlar əsasında qərar verir.
Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir. Vətəndaş əlillik təyinatı üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (poliklinika və ya xəstəxanaya) müraciət etməlidir. Burada şəxs (laborator, diaqnostik, instrumental müayinələrinin nəticələri, stasionar və ambulator müalicə məlumatları, ixtisaslaşmış həkim müayinəsi və s.) haqqında göndəriş (“Forma-88”) tərtib olunub, rəsmiləşdirilərək Əlillik Altsisteminə ötürülür. Göndəriş altsistemə daxil olduqdan sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsin və əlilliyi qiymətləndiriləcək şəxslərin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşın iştirakı olmadan məhz “Forma-88”də qeyd edilən məlumatlara əsasən əlilliyin qiymətləndirilməsi barədə qərar verilir.
Şahnəzər Bəşirov,
APA TV