Göyçayda iki ildir yağıntının az olması suvarmada problem yaradıb
İki ildir ki, yağıntının az olması Mingəçevir Su Anbarında və Yuxarı Şirvan kanalında suyun səviyyəsinin aşağı düşməsinə, Göyçay rayonunda isə su qıtlığına səbəb olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçayda 26 min 400 hektar əkin sahəsinin 67 faizi Yuxarı Şirvan kanalı vasitəsilə suvarılır. Bu kanaldan su götürən və məsafə baxımdan uzaq olan Müskürlü, Yeniarx, Kürdşaban, Qızılağac, Şəkər, Mırtı, Qaraxıdır, Çərəkə, Çərəcə, Məlikkənd, Çaxırlı kəndlərində iki ildir ki, su qıtlığı yaranır, taxıl, tərəvəz və bostan sahələrinin, meyvə bağlarının suvarılmasında problem yaranır.
Bu kəndlərin arxlarında mövcud olan lil və çöküntülər isə su itkisinə səbəb olan amillərdən biridir.
Rayonda su itkisinin aradan qaldırılması və vətəndaşların su probleminin həll edilməsi məqsədilə hazırda Göyçay rayon Suvarma Sistemləri İdarəsinin texnikaları su arxlarının yenidən qazılması və kanalların lildən təmizlənməsi işlərinə cəlb edilib. Yanvar ayından indiyədək rayonun 25 kəndində suvarma arxları qazılıb.
Hazırda 12 kənddə 12 ədəd ekskavator, 3 ədəd buldozer vasitəsilə lildən təmizləmə və məcra təmizləmə işləri görülür.
Şahnəzər Bəşirov
APA TV