Göyçayda polis bu sürücüləri saxladı

 

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən və nəqliyyat vasitəsində çoxavazlı səs siqnalları quraşdıran, eləcə də konstruksiya dəyişikliyinə yol verən sürücülər saxlanılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, keçirilən tədbirlər zamanı “VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib. Fərid Məmmədov barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbir görülüb. Yol polisi əməkdaşları tərəfindən keçirilən digər bir tədbir zamanı isə avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi, sakinlərin dincliyini pozmağa çalışan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyinə yol verən sürücü saxlanılıb. Onun Ağdaş rayon sakini Ceyhun Hüseynov olduğu müəyyən edilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə həmin “VAZ-21014” markalı avtomobildəki səs siqnalları müsadirə olunub və sürücü barəsində qanunamüvafiq tədbir görülüb.

Müəllif | Apa.Tv
Apa.tv