Göyçayda şəhid atasından nümunəvi addım – ŞƏHİDLƏR XİYABANINI ABADLAŞDIRDI

Göyçay rayonu Çərəkə kənd sakini Bağır Şirinov Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan oğlu Eldar Şirinovun xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə bayrağın qaldırılması mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhid Eldar Şirinovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Bildirilib ki, 2001-ci il təvəllüdlü Eldar Şirinov 15 ayın əsgəri idi. Müharibə başlayandan sonra döyüşlərdə fəal iştirak edən Eldar bir neçə dəfə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

 

Oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid atası Bağır Şirinov tək oğlu Eldar ilə fəxr etdiyini, onun ruhunun şad olması üçün şəxsi vəsaiti ilə Çərəkə kəndindəki Şəhidlər Xiyabanında təmir və abadlıq işləri görüb, 24 metr hündürlüyü olan müasir bayraq dirəyi inşa etdirib.

 

Həmçinin, Şəhidlər Xiyabanının ərazisində gecə işıqlandırma sistemi quraşdırılıb. Eldarın Vətən torpağı və bayrağımızın Qarabağda ucalması uğrunda gedən döyüşlərdə şəhid olduğunu deyən Bağır Şirinov hər gün Şəhidlər Xiyabanına gələrkən oğlunun məzarı üstə yüksəltdiyi müqəddəs bayrağımızı görərək təskinlik tapacağını deyir.

 

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv