Göyçayda şəhid Elnur Əliyevin xatirəsi əbədiləşdirilib

Göyçayda 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə şəhid Elnur Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən bulaq abidə kompleksinin açılışı olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçaydakı küçələrdən də birinə onun adı verilib.

 

Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib, şəhid Elnur Əliyevin döyüş yolundan, Vətən Müharibəsində göstərdiyi şücaətdən danışıblar.

 

Bildirilib ki, Elnur Ərəstun oğlu Əliyev 10 fevral 2000-ci ildə Göyçay rayonunun Potu kəndində anadan olub. Ailənin sonbeşiyi və iki bacının bir qardaşı idi. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Ürəyi Vətən eşqi ilə döyünən qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrin kiçik çavuşu olub. O, 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində döyüşlərə atılıb, düşmən postunu ələ keçirərək 7 nəfər erməni əsgərini öldürüb. Daha sonra Kəlbəcər, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə fəal iştirak edib və oktyabrın 7-də Füzuli istiqamətində gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 18-də Göyçay Şəhidlər Xiyabanında dəfn edilib.

 

Şəhid Elnur Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşcü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Həmin medallar bu gün onun ailəsinə təqdim edilib.

 

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv